27.05.2016

Laçınlılar 28 may - Respublika Gününü qeyd etdilər

27 may 2016-ci il tarixdə Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində, Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı büstü rayon ictimaiyyəti nümayəndələri tərəfindən ziyarət olunaraq, önünə gül dəstələri qoyulmuşdur.

Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri Laçın Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərin müvəqqəti icra edən Aqil Nəzərli açıq elan etdikdən sonra, dövlətçiliyimiz tarixindən, eləcədə bütün türk dünyasında  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən danışmış, Cümhuriyyət xadimləri arasında iki nəfər- Xosrov Paşa bəy Sultanov və Nurməmməd bəy Sahsuvarov kimi həmyerlilərimizin olmasını qeyd etmiş, qısa müddət ərzində Cümhuriyyət xadimlərinin böyük işlər gördüklərini, bu gün də özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən müasir Azərbaycan dövlətinin, xalqımızın Ulu Öndəri Heydər Əliyevin əvəzolunmaz dövlətçilik strategiyası əsasında inkişaf edərək müstəqilliyinin əbədiliyinin və dönməzliyinin təmin edilməsi, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət sayəsində bütün sahələrdə dünyanın ən inkişaf edən dövlətlərindən birinə çevrilməsi barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi yol və müasir Azərbaycan dövlətinin inkişafı ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyevin məruzəsi dinlənilmiş, məruzə ətrafında tarixi faktlara əsaslanan çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.