14.09.2017

Laçın rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib

2017-ci il 12 sentyabr tarixdə Laçın rayonunun təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

    Konfransdan  əvvəl rayonun çoxsaylı təhsil işçiləri və ictimaiyyət nümayəndələri Taxtakörpü qəsəbəsində Ulu öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin  inzibati binası qarşısında ucaldılmış büstünü ziyarət etmiş, abidə önünə tər güllər düzərək ehtiramlarını bildiriblər.

Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki Laçın Rayon Təhsil Şöbəsinin akt zalında keçirilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin  səsləndirilməsi ilə öz işinə başlamışdır.
    Konfransda Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov “2016-2017-cı dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə ötən tədris ilində rayonun təhsil sahəsində əldə edilmiş uğurlar, həmçinin problem  və geriliklər ətraflı təhlil edilib.
Bildirilmişdir ki, 2016-2017-ci dərs ilinin buraxılış imtahanında 11-ci siniflər üzrə 780 məzun iştirak etmiş, onlardan 574 nəfər məzun (74%) hər üç fənnən müvəffəq qiymət almışdır. Bu nəticə ötən ilki nəticədən 6 % yüksəkdir, 68 nəfər şagird hər üç fənnən “5”, 201 nəfər şagird “4” və “5” qiymətlər almışdır. 9-cu siniflər üzrə buraxılış imtahanlarında 884 nəfər məzun iştirak  etmiş, onlardan 633 nəfər (72%) məzun, imtahana düşən ana dili və riyaziyyat  fənninin hər birindən  20 bal olmaqla 40 baldan yuxarı bal toplamış, orta ixtisas məktəblərinə ixtisas seçimi müsabiqəsində iştirak etmək hüququ qazanmışdır. 11-ci sinif məzunlarından 14 nəfəri, 9-cu sinif məzunlarından 6 nəfəri fərqlənmə attestatına layiq görülüblər.
    Eyni zamanda bildirilmişdir ki, bu ilki qəbul imtahanlarında 2017-ci  ildə məktəbi bitirən 773 nəfər məzunun 579 nəfəri ali məktəblərə qəbul olunmaq üçün ərizə vermiş, onlardan da 357 nəfəri ali məktəblərə qəbul olunublar. Qəbul imtahanlarında iştirak edən abituriyentlərin 60%-i ali məktəblərə qəbul olunmuşdur. Bu ilki qəbul imtahanlarında rayon məzunlarının 62 nəfəri 500-dən, o cümlədən 18 nəfəri 600-dən yuxarı bal toplayıblar.
Konfransda məruzə ətrafında rayonun qabaqcıl və təcrübəli məktəb rəhbərləri, təhsil işçiləri, eyni zamanda ali məktəbə qəbul imtahanlarında rayon üzrə ən yüksək nəticə göstərmiş bir neçə şagird çıxış etmiş, fikir və mülahizələrini bölüşmüşlər. Konfransda çıxış edən natiqlər respublikamızda təhsilə göstərdikləri yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını  bildiriblər.

    Konfransda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli  çıxış edərək ölkəmizdə prioritet məsələlərdən biri olan təhsil sahəsində görülən işlərdən, Ölkə başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi hərtərəfli diqqət və qayğıdan danışmış, ötən son 10 il ərzində də təhsilin inkişafı ilə bağlı mühüm  Sərəncamların imzalandığını qeyd edərək, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlərin görüldüyünü bildirib.
    Rayon rəhbəri həmçinin bildirmişdir ki, təhsil müəssisələrinin fəaliyyəti  daim Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılmışdır. Görülmüş işlərlə yanaşı rayon rəhbəri Rayon Təhsil Şöbəsinə və məktəb rəhbərlərinə qısa zamanda işlərində dönüş yaradılması, əmək intizamı, keyfiyyət göstəricilərinin yüksəldilməsi, vahid məktəbli formasına keçidin diqqətdə saxlanılması ilə bağlı  konkret tapşırıqlarını verib.
            Tədbirdə ali məktəblərə qəbul imtahanında rayon üzrə ən yüksək nəticə göstərmiş abituriyentlərə Laçın Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyəsi  təqdim olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsində yüksək nəticə göstərmiş rayonun Qışlaq kənd tam orta məktəbinin və Malıbəy kənd tam orta məktəbinin müəllimlərinə də Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim olunub.
    Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin baş məsləhətçisi Aydın Rəhimov  iştirak  edib.
    Konfransda  Ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.


Açar sözlər: