13.09.2018

Sentyabrın 12-də Laçın rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

          Sentyabrın 12-də Laçın rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

         Konfransdan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Azərbaycan Respublikası Təhsil Nazirinin  nümayəndəsi Hümeyir Əhmədov  rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov və rayonun digər təhsil işçiləri Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar.

          Dövlət himninin səsləndirilməsi və 2017-2018-ci tədris ilinin pedaqoji fəaliyyətini əks etdirən slaydların nümayişi ilə başlayan konfransda Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov 2017-2018-ci tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib. Nicat Həsənov qeyd edib ki, 2017-2018-ci tədris ilində rayonun ümumtəhsil məktəblərindən IX siniflər üzrə 933 nəfər buraxılış imtahanlarına buraxılmışdır. Məzunların 630 nəfəri müvəffəq qiymət almış, orta ixtisas məktəblərinə ixtisas seçimi müsabiqəsində iştirak etmək hüququ qazanmışdır. Ümumiliklə 908 nəfər məzun ümumi orta təhsil haqqında attestat almış, onlardan 3 nəfəri fərqlənmə attestatına layiq görülmüşdür. 11-ci sinfi bitirən 939 nəfər məzundan 744 nəfəri ali məktəblərə qəbul olunmaq üçün keçirilmiş imtahanlarda iştirak etmiş, 92 nəfər 500-dən, o cümlədən, 29 nəfər 600-dən çox bal toplamışdır.

             Təhsil nazirinin nümayəndəsi Hümeyir Əhmədov təhsil işçilərini yeni tədris ili münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıb.

Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli  tədbirdə çıxış edərək müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib.Təhsilin inkişafı və onun beynəlxalq standartlara çatdırılması ilə bağlı həyata keçirilən dövlət siyasətinin real nəticələrindən danışan Aqil Nəzərli Laşın rayonunda bu istiqamətdə görülən işlər barədə məlumat verib.

Sonra bir qrup müəllim və 600 dən çox bal toplayan şagirdə fəxri fərman və hədiyyələr təqdim olunub.

Sonda isə konfrans iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətin mətni oxunub.


Açar sözlər: ,  ,