17.05.2016

Laçınlı gənclər və yeniyetmələr Laçının işğalının 24-cü ildönümü ərəfəsində hərbiçilərlə görüşdülər

Laçın Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Laçın Rayon Gənclər Birliyinin, Laçın Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Böyük Qayıdışa hazırlıqla bağlı tədbirlər çərçivəsində 2016-cı il 17 may tarixdə Laçın rayonundan olan gənc və yeniyetmələr yaxınlıqdakı “n” saylı hərbi hissəyə yürüş təşkil etmiş, orduya dəstək göstərmişlər. Onlar əvvəlcə  Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində ucaldılmış “Şəhidlərin adidə kompleksi”ni ziyarət edərək, abidənin önünə gül dəstələri qoymuş, daha sonra yaxınlıqdakı “n” saylı hərbi hissəyə yürüş etmişlər.

Laçınlı gənc və yeniyetmələr hərbi hissənin şəxsi heyəti qarşısında qələbə müjdəli çıxışlarla tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaratmış,  daha sonra laçınlı məktəblilər hərbi mahnılar səsləndirmiş, hərbi vətənpərvərlik mövzusunda şerlər söyləmişlər.

Tədbirdə iştirak edən zabitlər bu görüşü ordu-xalq birliyinin bariz nümunəsi kimi qiymətləndirmişlər.

Vurğulanmışdır ki, Ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və yenilməz siyasəti nəticəsində düşmən tapdağı altında olan torpaqlarımız tezliklə işğaldan azad olunacaq, üç rəngli bayrağımız Qarabağımızda, Şuşamızda, Laçınımızda dalğalanacaqdır.

Sonda gənc, yeniyetmə və şagirdlər hərbi hissənin şəraiti, ayrı-ayrı silahlarla yaxından tanış olmuşlar. Görüş iştirakçıları Qələbə sevincini yaşamaq arzusu ilə  tədbirdən yüksək təəssüratla ayrılmışlar.


Açar sözlər: