18.05.2016

    Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 24-cü ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir.

    18 may 2016-cı il tarixdə Laçın rayonunun icra srukturlarının, idarə, müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümü bağlı 2500 nəfərin iştirakı ilə geniş ümumrayon tədbiri keçirilmişdir. Tədbirdən əvvəl rayon ictimaiyyətinin nümayəndələri, o cümlədən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları tərəfindən qəsəbədəki şəhidlərinin xatirəsinə ucaldılmış “Şəhidlərin Xatirə Kompleksi” ziyarət olunaraq önünə gül dəstələri qoyulmuşdur.

       Rayon şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra, Laçın Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli ölkəmizin ərazi bütövlüyünün qorunmasında mühüm strateji əhəmiyyətə malik olan Laçın rayonunun 24 il əvvəl erməni silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı məlumat vermiş, işğal nəticəsində rayonun bir şəhəri, bir qəsəbəsi, 125 kəndinin erməni quldurları tərəfindən talan edilərək yandırıldığını, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələrin erməni vandalizminə məruz qaldığını, həmçinin 13745 yaşayış evinin , 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 30 rabitə, 1 avtonəqliyyat və digər müəssisələrin talan edildiyini, əhalinin şəxsi təsərrüfatında olan 25 min baş iri, 200 min başdan çox xırdabuynuzlu heyvanlar və minlərlə arı ailəsinin qarət edildiyini bildirmiş, ümumiyyətlə rayona 7.1 milyard ABŞ dolları ziyan vurulduğunu bildirmişdir. O da xüsusilə qeyd olunmuşdur ki, ata-baba yurdlarını müdafiə edən laçınlılardan 300 nəfərdən çoxu şəhid olmuş,  5 nəfəri isə Milli Qəhrəman adına layiq görülmüşdür.

        Tədbirdə  iştirak edən rayon ziyalıları,  həmçinin şəhid ailələri,  müharibə iştirakçıları erməni faşizminin xalqımıza qarşı törətdiklərinin insanlığa sığmayan vəhşilik olduğunu qeyd etmiş, buna kəskin nifrətlərini bildirmişlər. Onlar eyni zamanda bu müharibə nəticəsində nə qədər məhrumiyyətlərə məruz qalsalar da ata-baba yurdlarını-Laçını bir an belə unutmadıqlarını, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində nikbin olduqlarını, tezliklə yağı düşmən tapdağı altında olan torpaqlarımızın azad ediləcəyinə qəti əminliklərini bildirmişlər.
              Tədbirdə Milli Məclisin deputatı Mahir Abbaszadə  iştirak etmişdir.